preloader
  • Azərbaycanın istənilən nöqtəsinə çatdırılma!
  • Əkinçiliklə bağlı faydalı məlumatlar
  • Bitkiçilikdə istifadə olunan preparatlar

Bakterial xəstəlikləri

Bakteriyalar xlorofilsiz birhüceyrəli mikroorqanizmlərdir. Yaşamaq və inkişaf etmək üçün hazır qida maddələri istifadə edirlər. Hər bakteriya ayrıca götürülmüş orqanizmdir və bir hüceyrədən ibarətdir. Bakteriyaların çöpvari, vergülvari (vibronlar), bir quyruqlu, iki və çox quyruqlu formaları olur. Onlar hərəkətli və hərəkətsiz olmaqla formaca 2 başlıca qrupa bölünür. Çoxalma və inkişaf baxımından sadə bölünmə və sporəmələgətirmə (cinsi) yolu ilə çoxalan bakteriya qrupları vardır. Bakteriyalar bitki tərkibinə ağızcıqlar, nektarlıqlar, mexaniki zədələnmiş yerlərdən daxil olur. Bəzi bakteriyalar təbii yollarla bitki orqanlarına daxil ola bilmədiyindən mexaniki zədələrdən, çatlardan, yarıqlardan toxumaya daxil olur. Bitkilər zədələnmiş və ya sınmış hissələrini 72-75 saat ərzində xüsusi ifraz olunan mantar qatı ilə bağladıqları üçün bakteriyalar bu vaxt ərzində daxilə keçə bilir. Pomidorun bakterial xərçəng xəstəliyinin törədicisi Corynebacterium michiganense hətta kiçik tükcüklərin zədəli hissəsindən keçərək tez bir zamanda bütün bitkiyə yayılır. Bakteriyaların həşaratlar tərəfindən bitkiyə keçirilməsi halları geniş yayılıb. Erwinia amylovora arıların, milçəklərin köməkliyi ilə nektarlıqlara keçir və çiçəyi xəstələndirir. Gəmirici və deşib sorucu ağız aparatına malik zərərli həşaratların bitkilərlə qidalandığı zaman bakteriyaların bitkiyə keçməsinə daha tez-tez rast gəlinir. Bakteriyalar bitkiləri sirayətləndirmə xüsusiyyətlərinə görə monofaq (bir bitki ilə qidalananlar) və polifaq (çox bitki ilə qidalananlar) qruplarına ayrılır. Monofaq bakteriyalardan Pseudomonas mori çəkilin, Pseudomonas medicaginis f. phaseolicola lobyanın, Corynebacterium michiganense pomidorun, Bacillus mesentericus var. vulgarius qarğıdalının, Clavibacter michiganensis sub. sp. sepedonicum kartofun ixtisaslaşmış patogenləridir. Polifaqlara Agrobacterium tumefaciens, Pseudomonas solanacearum, Erwinia caratovora və başqalarını misal göstərmək olar. Bakteriyalar ətraf mühitin ekoloji faktorlarından çox asılıdır.

Optimal temperatur həddi 15-30°C olduğundan, +2°C-dən aşağı və +40°C-dən yuxarı temperaturlarda bakteriyalar öz inkişafını dayandırır. Bakteriya xəstəliklərinin başlıca infeksiya mənbəyi torpaq, bitki qalıqları, əkin materialları, hava, qrunt suları və aqrotexniki tədbirlər zamanı profilaktiki tədbirlər aparılmayan sahələrdir. Hava, yağış və müxtəlif atmosfer çöküntüləri ilə, həmçinin sirayətlənmiş bitki qalıqları ilə patogen bakteriyalar torpağa düşür. Bu hər zaman infeksiya mənbəyi rolunu oynayır. Meyvə ağaclarının bakterial yanıq xəstəliklərinin törədicisi Erwinia amylovora (B.) Winst. küləklə, yağışla və torpaqla əlaqəsi olan həşəratlar vasitəsilə bitkinin çiçək nektarlığına keçir. Agrobacterium tumefaciens, Pseudomonas Solanacearum bakteriyaları torpaqdan kök sisteminə keçir. Toxum və əkin materialı vasitəsi ilə bakteriyalar daha sürətlə və geniş ərazilərə yayılır. Toxumların bakteriyalarla çirklənməsinin 2 növü vardır: Üzdən çirklənmə və daxili orqanların sirayətlənməsi. Birinci halda dezinfeksiya və sterilləşdirmə ilə xəstəliyin keçməsinin qarşısı asanlıqla alınır. İkinci halda daxili infeksiyanın aradan qaldırılması çətinlik yaradır. Bakteriyalar bu halda toxum rüşeyminin sorucu sistemində qidalandığından kontakt təsirli dezinfeksiya vasitələri bunu aradan qaldıra bilmir və xəstəlik yayılır. Belə bakteriyalardan pomidorun xərçəng xəstəliyinin Clavibacter michiganensis sub sp. Michiganensis Smith, paxlalı bitkilərin bakteriozunun törədiciləri Xanthomonas phaseoli, Ps.medicaginis pv.phaseolicola, pambığın hommoz xəstəliyinin törədicisini Xanthomonas malvacearum və s. misal çəkmək olar. 

X
Əməkdaşlarımız sizin sualları cavablandırır
Salam, sizə necə kömək ola bilərik?
Sualınızı verin